12/08/2026
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək yeni elektrik mühərrikli avtobuslarla tanış olublar.
Naxçıvan şəhəri üçün nəzərdə tutulan 60 ədəd “BYD” elektrik avtobusu Azərbaycanda, Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory” (AEAF) zavodunda yerli olaraq yığılıb. Uzunluğu 8,7 metr olan avtobusların hər biri 53 sərnişin tutumuna malikdir.
Layihə çərçivəsində enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu da təkmilləşdirilib. Təxminən üç hektar ərazini əhatə edən avtobus deposunda zəruri infrastruktur yaradılıb. Burada texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sisteminə malik elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb.
Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və burada 200 sürücü, 22 inzibati heyət olmaqla, ümumilikdə 222 nəfərin çalışması nəzərdə tutulur. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq. Depoda avtobusların texniki xidməti və dəstəyini “Electrify Azerbaijan” şirkəti təmin edəcək.
Layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilməsi mümkün olacaq.
Naxçıvanın ictimai nəqliyyat sisteminin tam elektrik avtobuslarına keçirilməsi Azərbaycanın daha dayanıqlı, müasir və ekoloji cəhətdən təmiz nəqliyyat infrastrukturu istiqamətində atdığı növbəti mühüm addımlardan biridir.
Qeyd etmək lazımdır ki, AEAF və “Electrify Azerbaijan” şirkətləri “SARDA Group”un tərkibində fəaliyyət göstərirlər. Elektrik mobilliyi və dayanıqlı nəqliyyat həllərinin inkişafı qrupun son illərdə diqqət yetirdiyi əsas istiqamətlərdən biridir. Bu istiqamətdə həyata keçirilən layihələr “SARDA Group”un ölkədə yaşıl enerji və daha dayanıqlı nəqliyyat infrastrukturunun inkişafına töhfə vermək istiqamətindəki fəaliyyətini dəstəkləyir.