Kənddə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Həmin ərazidəki qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələr bunu bir daha sübut edir. XIII əsrdən başlayaraq Qax ərazisindən köçən insanlar İlisunun kifayət qədər genişlənməsində rol oynamışlar. Azərbaycanın qədim yaşayış məskənl
ərindən olan bu kənd bir zamanlar Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların və yerli azərbaycanlıların İlisu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1562-ildə Səfəvi hökmdarı I Təhmasibin (1524-1576) fərmanı ilə İlisu sultanı hüququ alan Saxur bəyləri XVII əsrdən sultanlığın mərkəzini İlisuya köçürmüşdülər. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır.
İlisu kəndi keçmişdə Car-Balakən mahalının vassallığına aid olan İlisu sultanlığının mərkəzi hesab edilirdi. Sultanlığın ilkin mərkəzi Qax şəhəri olsa da, sultanlığın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olaraq hakim öz iqamətgahını İlisu kəndinə köçürmüşdür. Əhalinin əsas hissəsi sənətkarlar olublar. Bu peşələr nəsildən nəsilə ötürülərək qorunub saxlanılırdı. Coğrafiyası və iqlimi
İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə yerləşir. Elə burada da iki dağ çayı – Kürmükçay və Ağçay çayları birləşir. Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. İlisunu əhatə edən dağlıq meşələr, alp çəmənlikləri İlisu dövlət təbiət qoruğuna daxildir. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. Ağçay dərəsində böyük müalicəvi əhəmiyyətə malik olan qeyzer mövcuddur. Yerli əhali həmin yeri müqəddəs hesab edirlər. Deyilənlərə görə Ovçu Pirim maralı yaralayır və sonra izinə düşür. Keçmişdə Baş Qafqaz dağ silsiləsində Dağıstana gedən karvan yolları məhz buradan keçirdi. İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. Məhəllələr
Kənd 8 məhəllədən və əhalinin etnik-sosial tərkibi baxımından 95 nəsildən ibarətdir. Kəndin Səngər, Bucaq, Dabaq, Qala, Tovla-tala, Bacar, Bəytabun, Qaradolaq (vaxtilə mövcud olmuş 2 məhəllə Sarılar obası və Cuhud oba məhəllələri indi digər məhəllələrlə birləşmişdir) adından göründüyü kimi tarixi bir zərurətlə formalaşmışdır. Bu nəsillərin 15-ə yaxını dağıstan xalqlarından olan saxur və avarlarla bağlıdır. Yalnız 2 nəsil Qorqu(Georgi) uşağı və Zrablar (Zurab) ingiloy əsillidir.Digər nəsillərin soykökləri türkmənşəlidir. Kəndin mərkəzi "Beşbulaq" adlanan yerdən ibarətdir. Kənd yaxınlığında Füzuli bağı və şəlalə var. Bucaq qalasında əfsanəvi Sumuq qala yerləşir. Məhz bu qalada "Qorxma – mən səninləyəm" filminin bir çox fraqmentləri çəkilmişdir. İlisu kəndində həmçinin XVl – XVll əsrlərə aid qala bürcləri, Ulu körpü , XVlll əsrə aid məscid və onun yaxınlığında qədim müsəlman qəbiristanlığı mövcuddur. Dağın başında Qalaça (Şamilqala) adı ilə məşhur olan qala vardır.